“Qarabağ dinləmələri” mövzusunda seminar keçirilib

Məlumata görə, tədbirdə Qarabağ problemi və ideoloji amillər barədə müzakirələr aparılıb.

 DEVAMM sədri İlqar İbrahimoğlu bildirib ki, Qarabağ problemi hər şeydən əvvəl ideoloji bir müharibədir və bu problemin həllində ideologiyanı daha da gücləndirmək lazımdır: “1980-ci illərin sonunda hər bir Azərbaycan gənci çağırışsız, könüllü olaraq müharibəyə gedirdi. Bunu paralel olaraq o zamankı xalq hərəkatı ilə müqayisə etmək olar. Yəni demək olar ki, həmin dövrdə ideoloji məsələlər daha güclü idi və bu da özünü Qarabağ savaşında göstərdi. Eyni zamanda İslam dini və ideoloji məsələ birmənalıdır və bu dövrdə Azərbaycan vətəndaşının ideologiyasına da güclü təsir edib. Lakin 1990-cı illərin əvvəllərindən başlayaraq 2000-ci ilə qədər İslam dininin təsiri getdikcə azalır. Liberal düşüncə ilə Qarabağ probleminin həlli mümkün deyil. Çünki toplum nə qədər liberallaşırsa, bir o qədər bu problemə diqqət azalır. Qarabağ savaşı ideoloji savaşdır. İdeoloji savaşa ideologiyasız qatılıb necə qalib gəlmək olar? Biz görmədik ki, düşmənin dini kilsələri, dindarları bu savaşı pisləsinlər. Biz İslam dünyası ilə bu haqda açıq danışmalı, Qarabağ problemini daha da qabartmalıyıq”.

 QAT sədri Akif Nağı isə qeyd edib ki, Qarabağ müharibəsinə indiyə kimi müxtəlif adlar qoyulsa da, bu savaşın kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və işğal faktoru dayanır. Onun sözlərinə görə, münaqişəyə liberal nöqteyi-nəzərdən yanaşmaq lazım deyil, çünki bu problemin həlli yalnız müharibə yolu ilə mümkündür: “Qarabağ müharibəsi hər şeydən əvvəl xristian-müsəlman qarşıdurması müstəvisindədir. Bu gün müsəlman dünyasına qarşı qarşıdurmada ermənilərdən bir alət kimi istifadə edilir. Hesab edirəm ki, bu problem müharibə yolu ilə həll olunmalıdır və bunun da kökündə ideoloji məsələlər dayanır. Qarabağ məsələsində liberal dəyərləri qabartmaq lazım deyil, çünki bu məsələnin həlli ola bilməz. İdeoloji xətt kimi yalnız islamçılıq və millətçilik mövqeyində dayanaraq, torpaqlarımızı azad etməliyik. Çünki bu savaşda bizim dini, mənəvi, millətçilik amillərimizə toxunulub. Yəni bu mövzuda birmənalı yanaşılmalıdır və hansı mövzuda liberalizm önə çəkilsə də, Qarabağ məsələsində bu faktor işləməməlidir”.

 A.Nağı Qarabağ probleminin İslam dünyasının diqqətinə çatdırılmasının vacibliyini də vurğulayıb: “Çünki bizim müttəfiqlərimiz yalnız İslam dünyasından ola bilər. Xristian dövlətlər bu gün bu problemin həllində Azərbaycanın tərəfində deyil. Tarixə də nəzər salsaq, bunun şahidi olarıq”.

 Politoloq Nəzirməmməd Qəhrəmanlı ermənilərin Qarabağ münaqişəsini xristian-müsəlman savaşı kimi qələmə verdiyini və bütün xristian dövlətlərini Azərbaycana qarşı qaldırmaq istədiklərini qeyd edib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi daha çox geosiyasi bir məsələdir.

 Azad Qarabağ Uğrunda Alyansın həmsədri Rövşən Əhmədli, psixoloq Azad İsazadə və tədbirin digər iştirakçıları münaqişənin həllində ideologiyanın təbliğinin vacibliyini vurğulayıblar. /apa/