Ramiz Rzayev: “Avropa Məhkəməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı müraciətə baxılmasını uzadır, ikili standartlar var”

“Görünür ki, onlar hələ bu məsələ ilə bağlı qəti qərara gəlməyiblər”…

“Görünür ki, onlar hələ bu məsələ ilə bağlı qəti qərara gəlməyiblər”

“Avropa Məhkəməsi azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə baxılmasını neçə illərdir ki, uzadır”.

Məlumata görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

 Rzayev qeyd edib ki, hüquqdan danışılsa da, bu məsələ ilə bağlı ikili standartlar var: “Biz çoxdan bu məsələni qaldırmışıq. Avropa İnsan Haqları Məhkəməsi məsələni qaldırır, baxır, ertələyir, burada süründürməçilik var. Görünür, onlar hələ bu məsələ ilə bağlı qəti qərara gəlməyiblər”.

 R. Rzayev deyib ki, bu gün Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Beynəlxalq Konfransda Türkiyədən olan hakim Ərhan Ciftçi azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış və mülkiyyət hüququ ilə bağlı Avropa Məhkəməsinə müraciətlə əlaqədar yerində olan bir sual verib: “Həmin sual verilən zaman Avropa Məhkəməsinin sədri Din Şpilman və Avropa Məhkəməsinin hakimi zalda olmayıb. Ərhan Ciftçi də suala Avropa İnsan Haqları Məhkəməsinin sədri, yaxud Avropa Məhkəməsindəki hakimlərdən birinin cavablandırmasını istədi. Din Şpilman həmin vaxt görüşdə idi, hakim də yox idi. Avropa Şurasının İnsan Hüquqları üzrə Rəhbər Komitənin sədri Vit Alexander Şormun məhkəmə qərarı olmadan bunu şərh etməyin düzgün olmadığı barədə söylədiklərinə gəlincə, təbii ki, məhkəmədə belə anlam var ki, qərar qəbul edilənə qədər bunu şərh etmək düzgün deyil. Mən güman edirəm ki, Din Şpilman da zalda olsaydı, belə cavab verəcəkdi ki, mövqeyini açıqlaya bilməz”. /apa/