Xırdalanda dəhşətli olayın təfsilatı: 3 ölü, yaralılar və qarşıdurma…

Qaçqınların məskunlaşdığı bina niyə partlayıb?…

Qaçqınların məskunlaşdığı bina niyə partlayıb?; Qaz sızması nəticəsində baş verən bədbəxt hadisə nəticəsində bir neçə nəfər yanıb və ağır xəsarətlər alıb, FHN naziri hadisə yerinə gəldi; yaralıları aparan maçın tıxacda qaldı; xilasetmə işləri dağıntılar altında qalanların etirazına səbəb oldu, gərginlik yaşandı… 

Sentyabrın 8-də səhər saat 7 radələrində Abşeron rayonunun Xırdalan şəhərində, məcburi köçkünlərin yaşadığı 26-cı məhəllədəki yarımçıq tikilidə güclü partlayış baş verib. Hadisənin qaz sızmasından baş verdiyi güman edilir.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, partlayış nəticəsində binanın bir blokunun 3 mərtəbəsi çöküb, 10-dan artıq adam dağıntılar altında qalıb. İkinci və üçüncü mərtəbədəki iri beton panellər uçaraq birinci mərtəbəyə düşüb.
Hər iki mərtəbədə yaşayan sakinlər panellərin arasında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə şahidləri bildiriblər ki, partlayışın zərbəsindən ikinci mərtəbədə yaşayan gənc qadın binanın həyətinə düşüb və ilk olaraq o, xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları və texnikası cəlb olunub. Həmçinin Çevik Polis Alayının onlarla əməkdaşı gəlib. Bununla belə, dağıntı altında qalanların xilas edilməsi xeyli gecikib və bu da bina sakinlərinin və insanların yaxınlarının etirazına səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatda bildirilib ki, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində isə işlər davam etdirilir.
Partlayış zamanı yaralananların paytaxtdakı xəstəxanalara çatdırılmasında da problem yaranıb. Belə ki, beynəlxalq avtovağzalın yanında yaranan ənənəvi tıxac təcili yardım maşınlarının sərbəst hərəkətinə mane olub.
Partlayışdan bir neçə saat sonra fövqəladə hallar nazirinin müavini, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə gəliblər. APA-nın hadisə yerində  ttp://apa.az/ olan əməkdaşının verdiyi məlumata görə isə, baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerinə gəliblər. Günorta f ttp://apa.az/övqəladə hallar naziri Kəmaləddin Heydərov da partlayış baş verən binaya baş çəkib və xilasetmə işlərinin gedişi ilə maraqlanıb. 
Günorta saatlarında artıq səkkiz nəfərin xilas edildiyi bildirilib. Onlar 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 9 yaşlı Ayxan, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis olub. Onlar FHN-nin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.
Daha sonra isə məlum olub ki, bir neçə nəfər də dağıntılar altında qalıb və onları xilasetmə cəhdləri binanın bir hissəsinin tamamilə uçmasına səbəb ola bilər. Bu səbəbdən həmin insanların yanına zirzəmidən keçməyə cəhd edilib. Həmçinin binanın uçmaması üçün əraziyə taxta dirəklər gətirilib. FHN-in xilasediciləri dağıntılar altına binanın zirzəmisinə keçməyə çalışsalar da, bir neçə saat ərzində bunu edə bilməyiblər. Şahidlərin sözlərinə görə, iki nəfərin yeri təxmin edilsə də, onları bir neçə saat xilas etmək mümkünsüz olub. Xilasedicilər həmin şəxslərin sağ olduğunu, göründüklərini, ancaq onlara yetişməyin hələlik mümkün olmadığını bildiriblər. Buna səbəb binanın uçmuş iki mərtəbəsinin əmələ gətirdiyi daş və beton qalıqları olub. Bu isə FHN və polis əməkdaşları ilə uçqun altında qalan insanların yaxınları arasında mübahisəyə və qalmaqala səbəb olub. Xilasedicilərin təhlükəsizlik məqsədilə gördüyü işlər xilasetmə işlərini ləngitdiyindən, uçqun altında qalanların yaxınları duruma etirazlarını bildiriblər və tərəflər arasında əlbəyaxa dava baş verib.  
Səhiyyə Nazirliyinin Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar yaydığı ilk rəsmi məlumatda isə xəsarət alanların müxtəlif xəstəxanalara yerləşdirildiyi bildirilib. Belə ki, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər – ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normal olub. 
Günortadan sonra isə bir neçə saatlıq xilasetmə tədbirlərindən sonra bir kişinin meyiti dağıntılar altından çıxarılaraq morqa aparılıb. Həmçinin daha bir nəfərin də xilas edildiyi bildirilib. Sakinlər isə bildiriblər ki, bir qadın da təcili yardım maşınında dünyasını dəyişib. 
Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov isə günortadan sonra APA-ya açıqlamasında deyib ki, xəstəxanaya gətirilən 5 nəfərdən biri Respublika Yanıq Mərkəzinə göndərilib, qalan 4 xəstənin müalicəsi isə davam etdirilir. A.Salahov qeyd edib ki, onlardan 1-i xəstəxananın reanimasiya, 2-si uşaq, 1-i isə I cərrahiyyə şöbəsindədir. 
Xəsarət alanlardan 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı kəllə-beyin travması, qolun, bazunun, almacıq sümüyünün, 11-ci bel fəqərəsinin sınığı, döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Hazırda onun vəziyyəti ağırdır. 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu bədənin çoxsaylı əzilmələri, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsində yatır. 2000-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlunun yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə göndərilib. 15 yaşlı İsmayıllı Aygün Vidadi qızı aşağı ətrafının didilmiş, cırılmış yarası ilə I cərrahiyyə şöbəsində müalicə alır. Bildirilib ki, xəstələrdən Mətanət İsmayılovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafidir.
“Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli binada baş vermiş partlayış nəticəsində birinci və üçüncü mərtəbədə yaşayan Qubadlı rayonundan köçkün düşmüş iki ailənin mənzilləri də yararsız vəziyyətə düşüb”. Bunu isə APA-ya açıqlamasında Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Haxverdiyev söyləyib.
O bildirib ki, hər biri 5 və 4 nəfərdən ibarət olan bu ailələrin 2 üzvü dağıntılar altında qalıb, hazırda xilasetmə işləri aparılır. A.Haxverdiyev hər iki ailənin bu günlərdə Mehdiabadda mənzillə təmin ediləcəyini bildirib.
Partlayış baş verəndən on saat sonra hələ də dağıntı altında iki nəfər qalmışdı. Saat 19 radələrində daha bir nəfərin meyiti dağıntılar altından çıxarılıb. Bununla partlayışda ölənlərin sayı üçə çatıb. FHN açıqlama yayaraq bildirib ki, dağıntılar altından üç nəfərin meyiti çıxarılıb. Bunlar Məharət Abbasov, 1965-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı və 2006-cı il təvəllüdlü Abbasova Aydan Məharət qızıdır. Uçqun altında qalan səkkiz nəfər isə xilas edilib.