Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə siyasi kömək göstərməyə hazırdır – Joze Manuel Barrozo

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən narahatdır. Bu barədə cümə günü Bakıda jurnalistlərə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo məlumat verib. “Prezident İlham Əlyevlə dünənki görüşdə biz bu məsələni digər mühüm məsələlərlə yanaşı müzakirə etdik. Mən münaqişə nəticəsində ziyan çəkmiş adamların taleyi ilə bağlı dərin narahatlığımı ifadə etdim “, – Barrozo bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, dinc yolla həllini dəstəkləyir.
“Biz münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik “, – Barrozo bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı gələcəkdə də münaqişəsinin nizamlanmasında siyasi kömək göstərməyə hazırdır.
“Nizamlanmaya dair yekun saziş qəbul edildikdən sonra infrastrukturların bərpasına texniki yardım göstərməyə də hazırıq “, – Barrozo bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./TREND/