Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynaya bilər – isveçli deputat

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların irəliləməsinə öz töhfəsini verə bilər və “Şərq tərədaşlığı ” proqramı bu yolda atılan addımlardan biridir. İsveç Parlamentinin hakim “Moderatlar ” Partiyasından olan deputatı Qustav Bliks belə hesab edir.
“Aİ, xüsusilə İsveç Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında dondurulmuş münaqişənin həllində konstruktiv rol oynamaq istəyir. Əminəm ki, Avropa böyük işlər görərək öz töhfəsini verə bilər və “Şərq tərəfdaşlığı ” bu yolda mövcud addımlardan biridir “, – Trend-ə müsahibəsində İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin üzvü Bliks bildirib.
Onun sözlərinə görə, Aİ Avrointeqrasiya üzrə vahid layihə çərçivəsində əməkdşalıq yolu ilə Avropada münaqişələrin həllində əhəmiyyətli uğurlara nail olub.
“Bu həll yolları ümumavropa əhəmiyyətlidir və onların əsasında beynəlxalq hüquqa hörmət və beynəlxalq sərhədlər, həmçinin insan haqları və demokratiya dayanır “, – Bliks deyib.
İsveçli deputatın sözlərinə görə, ümumavropa təhlükəsizliyi çərçivəsində əsas məqsədlərdən biri İsveçin də təşəbbüskarlıq etdiyi “Şərq tərəfdaşlığı ” proqramına üzv ölkələrdə inteqrasiya prosesinin yaxşılaşdırılması və gərginliyin azaldılması olaraq qalır. Onun fikrincə, regionun bütün münaqişələri sülh yolu ilə həll olunmalıdır.
“Regionda bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qanun və beynəlxalq sərhədlərə hörmət edilməklə siyasi həllini tapmalıdır. Buna nail olunarsa, iqtisadi və bazar inteqrasiyası prosesinə başlamaq və hər bir xalqın yaşayışı üçün şərtləri yaxşılaşdırmaq asan olacaq “, – Bliks deyib.
Lakin o, tez zamanda münaqişənin həllinin tapılması imkanının olacağına inanmır. “Münaqişə 20 ildən çoxdur davam edir və bir anda onu həllinə nail olmağı güman etmək sadəlövhlük olardı. Lakin İsveç belə hesab edir ki, “Şərq tərədaşlığı “na üzv olan altı ölkəyə inteqrasiya və imkanların yaradılmasında köməklə əməkdaşlığın qurulmasına nail olmaq olar və gələcəkdə Aİ-yə üzvlük bu problemin həllində yollardan biri ola bilər “, – Bliks deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Bliks güman edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ABŞ və Rusiya ilə yanaşı digər regional ölkələri, məsələn, Türkiyəni cəlb etmək lazımdır.
“Şərq tərəfdaşlığı ” – Aİ-nin altı postsovet ölkələri – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə münasibətlərin yaxşılaşmasına istiqamətlənmiş qonşuluq siyasəti çərçivəsində Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Avropa İttifaqı tərəfindən adları çəkilən ölkələrə 2013-cü ilə qədər 600 milyon avronun ayrılması nəzərdə tutulur və bu dövlət institutlarının möhkəmlənməsi, sərhəd nəzarəti və kiçik şirkətlərə yardım göstərilməsi üçün nəzərdə tutulub.
“Şərq tərəfdaşlığı “nın təsisedici sammiti 2009-cu ilin mayında Praqada keçirilib. Növbəti sammit cari ilin mayında, Macarıstanın sədrliyi altında keçiriləcək.
“Şərq tərəfdaşlığı ” proqramı çərçivəsində Azərbaycan da daxil olmaqla altı ölkə arasında münaqişə və tərəfdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılır “, – isveçli politoloq həlli vacib olan bir sıra problemlərin mövcud olduğunu əlavə edərək bildirib.
“Tərəfdaşlığın altı ölkəsinin hər birinin ayrıca problemləri var və biz irəliyə doğru addımları necə davam etdirməyi müzakirə edirik. Hesab edirəm ki, ölkələrin “Şərq tərəfdaşlığı ” və Aİ çərçivəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı perspektivləri var “, – Bliks deyib./TREND/