Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın sonlarında regiona səfərindən hər hansı nəticə gözləmir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir, lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi, vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir “, – Əzimov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.