Bakıda “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, təşkilatın sədri Nadir Abdullayev deyib ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır və bu problem Azərbaycandan da yan keçməyib. O, hazırda Azərbaycanda Çin, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən çoxlu sayda miqrantın məskunlaşdığını deyib: “Əldə olunan rəsmi məlumatlara görə, ölkənin 970 müəssisəsində rəsmi olaraq 8166 əmək miqrantı çalışır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətində 1000 çinli miqrant qeydiyyatdan keçsə də, ekspertlər bu rəqəmin 6 dəfə çox olduğunu deyirlər”.

Birliyin icraçı direktoru Məhərrəm Zülfüqarlı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçən əmək miqrantlarının sayı 4161 nəfərdir. M. Zülfüqarlı bildirib ki, Azərbaycan miqrasiya ilə bağlı qanunvericilik bazasını təkmilləşdirsə də, Dövlət Miqrasiya Xidməti adlı birbaşa bu məsələ ilə məşğul olan dövlət strukturu formalaşdırsa da, hələ də bəzi problemlər qalmaqdadır: “Azərbaycanın Xaçmaz rayonunun ərazisində olan anklav Xraxoba və Uryanoba kəndləri ilə bağlı Azərbaycanla Rusiya sərhədlərinin delimitasiyası zamanı qarşıya çıxan problem öz həllini qismən tapıb. Uryanoba kəndinin 4 sakini Azərbaycan vətəndaşlığı alsa da, təkcə Xraxoba kəndində 280 Rusiya vətəndaşı yaşayır. Belə ki, həmin iki kəndin sakinləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da digər miqrantlar kimi Rusiya vətəndaşı olduqlarından onlara da müvəqqəti əmək miqrantı statusu verilməli, ya da ölkədən deportasiya edilməlidir”. M. Zülfüqarlı Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana gələn zaman miqrant kimi qarşılaşdıqları problemlərə də toxunub: “Gürcüstanda 1989-2009-cu illərdə Azərbaycan dilli 59 məktəb bağlanıb. 3430 müəllim və 22363 şagird məktəbdən kənarlaşıb. Bu da soydaşlarımızın Azərbaycana miqrasiya etməsinə səbəb olub. Əmək miqrantı olan belə soydaşlarımız işə düzəlmək üçün isə dövlətə 1000 manata qədər pul ödəməlidirlər ki, bu da onların imkanı xaricindədir”.

Sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.