BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir Roman Hüseynova baş çəkib.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı əsirin saxlanma şəraiti, səhhəti öyrənilib.
Hərbi əsirə ailəsindən məktub çatdırılıb. Hüseynovun ailəsinə yazdığı məktub isə Azərbaycana göndərilib.
Ermənistan Silahlı Qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.
Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb… Trend.