Çin Beynəlxalq İdxal Sərgisində 57,8 milyard dollarlıq razılaşmalar əldə olunub

Noyabrın 10-da Şanxayda başa çatan birinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 57,8 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-də işə başlayan sərgidə Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədən 3 mindən artıq şirkət öz məhsullarını və xidmətlərini nümayiş etdirib. Bu, Çində idxal məhsullarının ilk sərgisi olmaqla yanaşı, dünyada ölkə səviyyəsində də birinci idxal sərgisi hesab olunur.

Sərginin kənd təsərrüfatı və qida məhsulları bölməsindəki milli stenddə ölkəmizin qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox şirkətinin “Made in Azerbaijan” brendi ilə istehsal etdiyi rəqabətqabiliyyətli və ixracyönümlü məhsulları nümayiş olunub. Bundan başqa, xidmətlər bölməsindəki digər Azərbaycan stendində ölkəmizin investisiya imkanları və turizm potensialı təqdim edilib.

Sərgidə Çin şirkətləri ilə əldə edilmiş razılaşmalara əsasən, Azərbaycanda istehsal olunan bir neçə milyon dollar dəyərində məhsulun Çinə ixracı həyata keçiriləcək. Bundan başqa, sərgi çərçivəsində Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) “Azərbaycan Şərab Evi”nin, “Greenland Global” şirkətinin “G-hub” ticarət mərkəzində isə Azərbaycan məhsullarının satıldığı və sərgiləndiyi ticarət pavilyonunun açılışı olub. Habelə ITOC-un və “Greenland Group”un marketlər şəbəkələrində Azərbaycanın istehsal etdiyi məhsulların satışına başlanılıb.

Şahin Cəfərov, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin