Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı partiyanın mənzil qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.
Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb.
Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb… Trend.