Sarkozinin səfəri Fransanın Dağlıq Qarabağ nizamlanmasında aktivləşəcəyinin anonsunu verir

Nikola Sarkozinin regiona səfəri ilk növbədə Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirir və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərir. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin deputatı Zahid Oruc bildirib.
O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. “Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir “, – millət vəkili deyib.
Oruc hesab edir ki, Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir. “Fransa bu bölgənin münaqişə məkanlarına yaxşı bələddir “, – o deyib.
“Son iki ilə yaxın dövrdə Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda Sarkozinin səfəri Fransanın qarşıdakı dövrdə Dağlıq Qarabağ prosesində aktivləşəcəyinin anonsunu verir “, – millət vəkili deyib… Trend.