Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır – XİN

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə görə Rusiyaya minnətdardır. Trend-in məlumatına görə, bunu Rusiyanın “İnterfaks ” agentliyinə müsahibəsində xarici işlər naziri Edvard Nalbandyan bildirib.
“Biz Rusiya Federasiyasının ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransa ilə birgə etdiyi çox böyük səylərə görə minnətdarıq. Biz xüsusən prezident Medvedevin keçmişdə və hazırda etdiyi səylərə görə minnətdarıq ” deyə nazir bildirib.
Oktyabrın 23-25-də Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya dövlət səfəri baş tutacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır… Trend.