İlham Əliyev: Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır

Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır…

 

Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır.

 

Əlbəttə ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır.

 

Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “2013-cü ilin adamı” mükafatının təqdimetmə mərasimində deyib.

 

“Bizim üçün əsas hədəf inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcək”.

 

O, bildirib ki, islahatların dərinləşməsi aparılıb. Xüsusilə cəmiyyəti ən çox narahat edən sahələrdə kadr dəyişiklikləri edilib.

 

“Təhsil, ordu quruculuğu sahələrində, sosial sahədə çox ciddi islahatlar başlanıb. Bu islahatlar artıq öz bəhrəsini verməkdədir. Dediyim sahələrdə və bütün başqa sahələrdə ictimai nəzarətin gücləndirilməsi əlbəttə, bizə kömək edəcək ki, xoşagəlməz halların qarşısının alınması istiqamətində daha da ciddi addımlar atılsın.

 

Hər halda kadr və struktur dəyişikliyi, işə yanaşmada dəyişiklik artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən də əlbəttə ki, bunu qiymətləndirirəm və bu işlərə nəzarət edirəm”.

 

Prezident bildirib ki, idarəetmədə ciddi islahatlara ehtiyac var.

 

“Çünki mən dəfələrlə demişəm ki, biz əlbəttə, iqtisadi cəhətdən özümüzü çox rahat hiss edirik. Bu gün heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də şərtləndirir. Ona görə, biz inamla prinsipial siyasət aparırıq, nəyin bahasına olursa-olsun Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edirik və bunu edə bilirik.

 

Biri var ki, bunu etmək istəyəsən, biri də var ki, bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat yaratmışıq ki, bunu edə bilirik.

 

Ancaq ölkəmizin gələcək uğurlu inkişafı üçün bu, yetərli deyildir. Bizim cəmiyyətimiz müasirləşməlidir”.

 

O, bildirib ki, ölkədə elə bir cəmiyyət qurulmalıdır ki, burada problemlər minimum səviyyəsində olsun.

 

Onun sözlərinə görə, “ASAN xidmət”in yaradılması Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı aparılan siyasət üçün çox ciddi bir alət, ciddi bir vasitə olub.

 

Prezident qeyd edib ki, 2013-cü il Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün də uğurlu olub.

 

“Azərbaycanda bütün azadlıqlar – söz, internet azadlığı mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur. Azərbaycanda azadlıqlarla bağlı hər şey lazımi səviyyədə təmin edilir”.

/Gun.az/