Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, heç kim Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli barədə ciddi danışmır.
“Hesab edirəm ki, münaqişənin nizamlanması üçün güc tətbiq edilməsinin mümkünlüyü barədə bəyanatlar əvvəlkinə nisbətən indi daha az-az səslənir. Düşünürəm ki, bu, müsbət tendensiyadır “, – Brayza deyib.
Səfirin sözlərinə görə, onun ölkədə olduğu vaxtdan Azərbaycanın bir çox rəsmi şəxsləri ilə əlaqə saxlayıb və işləyib.
“Hesab edirəm ki, Azərbaycan münaqişənin dinc yolla həlli və güc tətbiq edilməməsinə yönəlmiş danışıqlara ciddi köklənib “, – Brayza deyib.
Onun sözlərinə görə, əvvəllər olduğu kimi, əsas vəzifə baza prinsiplərinin razılaşdırılmasıdır ki, bu da qeyri-mümkün məsələ deyil.
Səfir deyib ki, tərəfləri ayıran həllolunmaz ziddiyyətlər yoxdur.
“Bu münaqişə hərbi yolla həll oluna bilməz “, – Brayza deyib… Trend.