Politoloq: Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur

Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur. Bu barədə cümə axşamı Trend-ə azərbaycanlı politoloq Vəfa Quluzadə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın erməni tələbələrlə görüşü zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Nalbandyanın erməni tələbələrə danışdıqları Ermənistanın oxuduğu çoxdankı mahnıdır. Nalbandyan yalan danışaraq Ermənistanın ictimai rəylərini aldatmağa çalışır. Ermənilər də axmaq deyillər, onlar nəyin nə olduğunu yaxşı başa düşürlər “, – Quluzadə əlavə edib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşü zamanı deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə əngəl törədir.
Politoloq erməni nazirin Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin gözlənildiyi bir vaxtda bu cür bəyanat səsləndirməsini də təsadüfi saymır.
“Onlar bu cür davranışları ilə Azərbaycan tərəfini bezdirmək istəyirlər. İstəyirlər ki, Azərbaycan tərəfi bir neçə dəfə görüşlərdən imtina etsin, sonra da göstərsinlər ki, məsələnin sülh yolu ilə həll olunmasını istəməyən Azərbaycandır “, – politoloq əlavə edib… Trend.