Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi mövzusunu daim diqqət mərkəzində saxlayır və bu məsələni dünya liderləri ilə mühüm görüşlərində qaldırır. Trend-in “Kazinform “a istinadən yaydığı məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı ilə görüşündən sonra bəyanatında deyib.
İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyinə görə Qazaxıstana minnətdar olduğunu bildirib.
“Bu münaqişəyə və ərazilərimizin işğalına son qoymaq lazımdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin təmin edilməsi vacibdir. Bu təşkilatın qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. BMT TŞ tərəfindən Dağlıq Qarabağ münaqişəsi haqqında dörd qətnamə qəbul edilib. Həmin qətnamələr erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Bu qətnamələr təəssüf ki, yerinə yetirilməyib. Ərazi bütövlüyümüz pozulub. .. Trend.