Rəsmi Bakı Sarkisyanın Dağlıq Qarabağa “müstəqilliklə ” bağlı çağırışını əsassız sayıb

Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışında Dağlıq Qarabağa “müstəqilliklə ” bağlı səsləndirdiyi çağırış tam əsassızdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“Sarkisyanın sözləri Ermənistanın mövqeni aydın şəkildə göstərir və Azərbaycanın haqlı olduğunu nümayiş etdirir. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və Azərbaycandan ayrılmaz olaraq qalacaq “, – Əzimov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.