Rusiya və Qərb Dağlıq Qarabağ ətrafında danışıqların irəliləməsində maraqlıdır – deputat

Rusiya, Avropa və ABŞ-ın danışıqlar prosesinin irəliləməsində və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa olunma riskinin neytrallaşdırılmasında obyektiv maraqları var. Bunu cümə günü Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.
“Lakin bununla yanaşı, Rusiya erməni tərəfdaşlarının xətrinə dəymək istəmir və regionda öz məqsədlərinin irəliləməsinə çalışır. Məhz burada Moskvanın maraqları Qərbin maraqları ilə toqquşur “, – Trend BİA-nın Ekspert Şurasının üzvü Musabəyov bir gün əvvəl Rusiya liderinin açıqlamasını şərh edərkən deyib.
Rusiya Prezidenti oktyabrın 20-də açıqlayıb ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyi davam etdirəcək, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi “dondurulmuş münaqişələr “dən biri olduğunu qeyd edib… Trend.