Uruqvay beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə şənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Erməni KİV-in yazdığına görə, cümə günü Cənubi Amerikadakı “Ay Dat ” komitəsinin və Uruqvay-Ermənistan parlament qrupunun təşəbbüsü ilə Ermənistan-Uruqvay əlaqələrinə həsr olunmuş görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışan Uruqvayın xarici işlər naziri Luis Almaqro qondarma rejimin tanınması ilə bağlı ifadələr işlədib.
“Buenos Ayresdəki səfirliyimiz bu vəziyyəti araşdırır və artıq Uruqvay XİN ilə əlaqə qurub. Uruqvay xarici işlər nazirinin müavini P.Karreras Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə söhbətində Uruqvayın beynəyxalq hüquq prinsiplərinə hörmətlə yanaşdığını, Azərbaycanın ərazi bütövlüyünü, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəklədiyini təsdiqləyib “, – Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi deyib.
“Göründüyü kimi, məlumatı erməni saytları yayıb. Tarixən biz erməni KİV tərəfindən məlumatların təhrif olunduğunun şahidi olmuşuq, çünki onlar həmişə arzu etdiklərini reallıq kimi göstərməyə çalışırlar “, – Abdullayev əlavə edib… Trend.