Vasitəçilərin təklifinə Dağlıq Qarabağ münaqişəsi tərəflərindən razılıq almaq çətindir – Minsk qrupu

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mürəkkəbdir. Belə ki, vasitəçilərin hər hansı bir təklifinə münaqişə tərəflərinin razılığını almaq çətindir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fransalı həmsədri Bernar Fasye fəaliyyətinin başa çatması üzrə keçirilən yekun mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesində müsbət məqamlar budur ki, əgər 2007-ci ilə qədər nizamlanma prosesində yazılı sənəd yox idisə, hazırda var və bu, Madrid prinsiplərinin yenilənmiş variantıdır.
Fasye deyib ki, daha bir müsbət fakt vasitəçilərin işğal edilmiş ərazilərə baş çəkməsidir.
“Təəssüf ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunda keçirilən Kazan görüşünə olan ümidlərimiz özünü doğrultmadı. Lakin nikbin olmaq lazımdır. Ümid var ki, danışıqlarda irəliləyişlər olacaq “, – Fasye bildirib… Trend.