Dağlıq Qarabağın azərbaycanlı icması Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlara başlayacaq

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdə danışıqlar aparacaqlar. Bu barədə cümə axşamı Trend-ə “Dağlıq Qarabağın azərbaycanlı icması ” İctimai Birliyinin üzvü Fərhad Bədəlbəyli bildirib.
“Növbəti aylarda icma üzvləri Fransa, Rusiya və ABŞ-a səfər edəcəklər. Bu ölkələr ATƏT-in Minsk qrupunun həmsədrləri olduğu üçün orada Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyinin çatdırılması, onun tanıdılması vacibdir “, – Bədəlbəyli bildirib.
İcma üzvü qeyd edib ki, istər ABŞ Konqresində, istər digər həmsədr ölkələrin parlamentlərində Dağlıq Qarabağın erməni icmasının nümayəndələri var.
“ABŞ Konqresində ermənilər “Artsax “ın 20 illiyini qeyd etdilər. Biz, çox təəssüflər olsun ki, onun qarşısını ala bilmədik. Biz gərək həmsədr ölkələrə səfərləri intensivləşdirək “, – o deyib.
Bədəlbəyli, həmçinin noyabrın sonlarında icma üzvlərinin Almaniyaya səfər edəcəyini qeyd edib və bildirib ki, orada erməni icması ilə görüşün baş tutmasına çalışırlar.
“Biz hər zaman bu görüşləri istəyirik, təşəbbüslər irəli sürürük, erməni tərəfi isə qaçır “, – o deyib… Trend.