Səməd Seyidov: “Dağlıq Qarabağ problemini Komitə çərçivəsində məhdudlaşdırmaq fikrimiz yoxdur”

“Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağla bağlı Alt Komitəsinin mövcudluğu və yaxud bu komitə ətrafında gedən söhbətlərlə yanaşı, biz bir həqiqəti nəzərdən keçirməliyik.

AŞPA-nın hər sessiyası zamanı biz Dağlıq Qarabağ məsələsini gündəmə gətiririk. Bizim üçün Avropa Şurası özü Dağlıq Qarabağ komitəsidir. Əlbəttə ki, mən bunu rəmzi şəkildə deyirəm”. APA-nın Avropa bürosunun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Sənəd Seyidov deyib.
S. Seyidov bildirib ki, nümayəndə heyətinin əsas dəsti-xətti, əsas məqsədi və siyasəti Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ problemini AŞ-yə çatdırmaqdır: “Bu, birbaşa yaxud dolayısı yolla da ola bilər. Əsas məsələ müxtəlif vasitələrlə bu problemi Avropa Şurasının gündəmində saxlamaq və Azərbaycan torpaqlarının azad olunması üçün addımlara nail olmaqdır. Ona görə deyirəm ki, Avropa Şurası bizim üçün elə bir Dağlıq Qarabağ üzrə komitədir. Məsələni iki-üç nəfərdən ibarət komitə çərçivəsində məhdudlaşdırmaq fikrimiz yoxdur. Ayrıca komitənin fəaliyyət göstərməsi də bizim xeyrimizədir. Amma biz məsələni global şəkildə götürməli, Dağlıq Qarabağ probleminin hər məkanda – Komitədə, siyasi qruplarda, AŞPA-da müzakirəsinə nail olmalıyıq”.

S. Seyidov onu da əlavə edib ki, Alt Komitə ilə bağlı görüşün keçirilməsi üçün yanvarın 28-dək gözləmək lazım gələcək.

APA.